Yaxın Şərq böhranı çips paketlərinin rəngini də dəyişdi - FOTO
Yaponiyanın qəlyanaltı istehsalçısı "Calbee" Yaxın Şərqdəki gərginliklərdən sonra yaranan xammal çatışmazlığı səbəbindən diqqətçəkən qərar qəbul edib. Şirkət kartof çipsləri də daxil olmaqla bəzi populyar məhsullarının qablaşdırmasında ağ-qara dizayna keçəcəyini açıqlayıb.
Qərarın mayın 25-dən etibarən göndəriləcək 14 məhsula tətbiq olunacağı bildirilib.
Mürəkkəb tədarükündə böhran yaşanır
Nikkei Asia-nın məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra neft qiymətlərinin artması neft-kimya sektoruna birbaşa təsir edib. Mürəkkəb istehsalında istifadə olunan həlledici və qatranın xammalı olan naftanın tədarükündə yaranan çətinlik qablaşdırma sektorunda böhrana səbəb olub.
Calbee xammalın sabit şəkildə təmin edilə bilməməsinin səbəbini “Yaxın Şərqdəki gərginliklər”lə izah edib.
Rəngli qablaşdırmalar tarixə çevrilə bilər
Şirkət dəyişikliyi yalnız yüksək satış həcminə malik məhsullarla məhdudlaşdıraraq təsirin böyüməsinin qarşısını almağı hədəfləyir. Lakin sektor nümayəndələri oxşar addımların daha geniş yayıla biləcəyinə diqqət çəkirlər.
Qida istehsalçısı Itoham Yonekyu Holdings-in prezidenti Hiroyuki Urata da açıqlamasında “Gələcəkdə rəngli qablaşdırmaların davamlılığını təmin etmək çətinləşəcək” ifadəsini işlədib. Urata bildirib ki, qablaşdırmalar daha sadə və ağ-qara formaya keçə bilər.

Digər şirkətlər də addım atmağa başladı
Təkcə Calbee deyil, digər istehsalçılar da qablaşdırma xərclərini azaltmaq üçün hərəkətə keçiblər. Orta ölçülü bir içki istehsalçısının böyük markalar üçün istehsal etdiyi 15 probiotik içki məhsulunun qablaşdırma çapının bir hissəsini ləğv etmək qərarı aldığı bildirilib.