Siyasi təzyiq iddiası nəticəsiz qaldı: BOK İnfantinoya qarşı iş açmadı
Beynəlxalq Olimpiya Komitəsi FİFA prezidenti Canni İnfantinoya qarşı sanksiya tətbiq etməyəcək.
“The Athletic” nəşrinin məlumatına görə, qurum ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğvi ilə bağlı siyasi neytrallığın pozulması barədə şikayətə baxsa da, araşdırma başlatmaq üçün kifayət qədər əsas görməyib.
“FairSquare” hüquq müdafiə təşkilatı Baloqunun qırmızı vərəqəsinin ləğvi ilə bağlı İnfantinonun hərəkətlərindən BOK-a şikayət edib. Təşkilat qərarın siyasi təzyiq altında qəbul olunduğunu iddia edib.
Şikayətdə FİFA rəhbərinin kommersiya və siyasi maraqlardan müstəqil olmaq barədə verdiyi öhdəliyi pozduğu bildirilib.
BOK isə qeyd edib ki, məsələ Etika Komissiyasının səlahiyyətlərinə aid deyil. Qurumun açıqlamasına görə, şikayət yalnız FİFA-nın idarəetmə qərarları ilə bağlıdır və buna görə BOK bu iş üzrə intizam araşdırması aça bilməz.