BBƏ İran ərazisinə zərbələr endirməkdə şübhəli bilinir
Birləşmiş Ərəb Əmirlikləri, ehtimal ki, İran ərazisinə bir neçə hücum həyata keçirib. Bu barədə “Uoll-Strit Jurnal” məlumatlı mənbələrə istinadən xəbər verir. Hücumlardan biri strateji əhəmiyyətə malik Lavan adasındakı neft emalı zavoduna endirilən zərbə ilə bağlıdır.
Nəşrin məlumatına görə, hücumlardan biri ABŞ və İran arasında atəşkəsin qüvvədə olduğu dövrdə baş verib. Lakin Vaşinqton Əbu-Dabinin addımlarını nəinki pisləməyib, əksinə, Birləşmiş Ərəb Əmirliklərinin Amerika koalisiyası tərəfində münaqişəyə qoşulmasını gizli şəkildə alqışlayıb.
“Uoll-Strit Jurnal” yazır ki, Fars körfəzi ölkələri arasında Tehranla qarşıdurmada ən fəal mövqeyi məhz Birləşmiş Ərəb Əmirlikləri sərgiləyib və ABŞ ilə sıx hərbi əməkdaşlığı davam etdirib. Əbu-Dabi özü də dəfələrlə hücumlara məruz qalıb: raket zərbələri və pilotsuz uçuş aparatları ilə hücumlar ölkənin müxtəlif bölgələrində iri yanğınlara səbəb olub. Birləşmiş Ərəb Əmirlikləri bütün insidentlərə görə rəsmi şəkildə İranı günahlandırıb və sərt cavab verəcəyini bəyan edib. Tehran isə qonşu dövlətin ərazisinə hücumlarda iştirakını inkar edir.