Bakıda yataqxanada ölü tapılan 17 yaşlı tələbə ilə bağlı TƏBİB-dən açıqlama
Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında meyiti tapılan 17 yaşlı tələbənin ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama yayıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, noyabrın 14-də saat 15:00 radələrində paytaxtın Nəsimi rayonunda yerləşən ATU-nun yataqxanasından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Dərhal qeyd olunan ünvana təcili tibbi yardım briqadası göndərilib.
“Hadisə yerinə çatan tibb işçiləri qızın xəstəxanaya çatdırılmadan əvvəl öldüyünü müəyyən ediblər”, – deyə açıqlamada bildirilib.
Mərhumun meyiti müvafiq müayinələrin aparılması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Qeyd edək ki, dünən Azərbaycan Tibb Universitetinin yataqxana otağında 2009-cu il təvəllüdlü E. E.-nin meyiti aşkarlanıb. Məlumata görə, tələbənin meyitini onunla eyni otaqda yaşayan bacısı tapıb.
Qızın ölüm səbəbi hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.