“Heyvanlar belə daha yaxşı şəraitdə idi”: ABŞ-da 16 uşaq xilas edildi
ABŞ-ın Ohayo ştatında eyni ailədən olan 16 uşağın ağır şəraitdə saxlanıldığı üzə çıxıb.
NTV-nin məlumatına görə, Vinton dairəsinin şerifi Rayan Keyn evdə böyük miqdarda zibil və insan nəcisi aşkarlandığını bildirib. O, mətbuat konfransında gördükləri mənzərəni belə təsvir edib:
“Heyvanlarımızın çoxu uşaqlardan daha yaxşı şəraitdə saxlanılırdı”.
Rəsmilərin məlumatına görə, uşaqlardan bəziləri danışa bilməyib. İnkişaf pozuntusu olan 18 yaşlı gəncin isə öz adını belə hecalaya bilmədiyi bildirilib.
Uşaqların valideynləri və iki nənə-babası barəsində “ciddi fiziki zərərə səbəb olmaqla uşaqları təhlükəyə atma” ittihamı üzrə 16 ayrı cinayət işi açılıb.
Vinton dairəsinin prokuroru Uilyam Arçer hadisənin insan alveri olmadığını, ailədaxili məsələ kimi araşdırıldığını bildirib.
Ohayo ştatının baş prokuroru Endi Uilson uşaqların başqa bir istintaq çərçivəsində evdə aparılan axtarış zamanı aşkarlandığını deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları evdə 16 uşağın olduğunu əvvəlcədən bilməyib.
Uilson Hamden kəndindəki evdə gördüyü mənzərəni “xalis şər” adlandırıb və bunun karyerası ərzində qarşılaşdığı ən qorxunc hadisələrdən biri olduğunu söyləyib.
Şerif Keynin sözlərinə görə, uşaqların vaxtlarının böyük hissəsini təxminən 3,6 metrə 3,6 metr ölçüsündə bir otaqda keçirdiyi güman edilir.
Uşaqlardan yeddisi Kolumbusdakı xəstəxanalara aparılıb, ikisi isə helikopterlə birinci səviyyəli travma mərkəzlərinə çatdırılıb. Rəsmilər uşaqlardan birinin kritik vəziyyətdə olduğunu və tənəffüs dəstəyinə qoşulduğunu açıqlayıblar.
İş üzrə Qari Siders Jr., Qari Siders Sr., Kristina Siders və Elizabet Siders hakim qarşısına çıxarılıb. Hər biri üçün 300 min dollar girov məbləği müəyyən edilib.
İstintaqçılar ailənin son 20 ildə Ohayonun cənubunda müxtəlif yerlərə köçdüyünü və uşaqlarla bağlı tibbi, yaxud rəsmi qeydlərin aparılmasından yayınmış ola biləcəyini bildiriblər. Uşaqların məktəbə də qeydiyyatda olmadığı açıqlanıb.
Baş prokuror Uilson ailənin uşaqları gözlərdən uzaq saxlamaqda “olduqca bacarıqlı” davrandığını deyib. Qonşular isə evdə uşaqların yaşadığını bilmədiklərini bildiriblər.
Prokuror Arçer ştatın bütün uşaqlar üçün müvəqqəti himayə tələb etdiyini açıqlayıb. Baş prokuror Uilson isə “Bu uşaqlar üçün ədalət yerini tapacaq”, — deyə bildirib.