İdrak liseyindəki hadisə ilə bağlı ilk məhkəmə iclası təxirə salındı
Bakıda müəlliməyə qarşı qəsdə cəhddə ittiham olunan 10-cu sinif şagirdi A.Ş. ilə bağlı cinayət işi üzrə ilk hazırlıq məhkəmə iclası təxirə salınıb.
Buna səbəb yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin vəkilinin prosesə gəlməməsi olub.
Buna baxmayaraq, məktəblinin valideynləri məhkəməyə gəliblər. Yeniyetmənin qanuni nümayəndəsi kimi onun anası Zemfira Şirinova tanınıb. Hakim həm təqsirləndirilən şəxsə, həm də onun qanuni nümayəndəsinə hüquq və vəzifələrini izah edib.
Müdafiəçinin iclasa gəlməməsi səbəbindən məhkəmə prosesi 17 iyuna təxirə salınıb.
Proses başa çatdıqdan sonra yeniyetmənin valideynləri hadisə ilə bağlı ilk dəfə Qafqazinfoya açıqlama veriblər.
Təqsirləndirilən şəxsin atası Samir Şirinov bildirib ki, ailə baş verənlərə hələ də inana bilmir.
“Biz ondan belə bir hərəkət gözləmirdik. Mənim üç övladım var, onlardan ikisi ali təhsil alır. O da yaxşı oxuyurdu, ingilis dilində təhsil alırdı. Onun müəllimə ilə şəxsi münaqişəsinin olması, ona qarşı xoşagəlməz münasibət bəsləməsi və ya inciklik saxlaması barədə deyilənlər həqiqətə uyğun deyil. Hər şey gözlənilmədən baş verdi. Biz hələ də şokdayıq. İndi hər şey məhkəmənin qərarından asılıdır”, deyə o bildirib.
Samir Şirinov istintaq zamanı ifadə verdiyini də təsdiqləyib:
“Bəli, məni prokurorluqda dindiriblər. Hazırda atəş açılan silahın saxlanılması şəraiti və işin digər detalları araşdırılır. Görək istintaq hansı nəticəyə gələcək”.
Yeniyetmənin anası Zemfira Şirinova da oğlunu sakit, tərbiyəli və ağıllı uşaq kimi xarakterizə edib. O, oğlundan danışarkən göz yaşlarını saxlaya bilməyib və ailənin baş verənləri ağır keçirdiyini bildirib.