Bal ayına gedirdilər: toy gecəsi faciə ilə bitdi
ABŞ-ın Corciya ştatının sakini Cenni Deyv Fici ilə ailə qurduqdan cəmi bir neçə dəqiqə sonra dul qalıb.
New York Post yazır ki, yeni evlənən cütlük toy mərasimindən sonra helikopter qəzasına düşüb.
Məlumata görə, toy 29 mayda Corciya ştatının Dousonvill şəhərində keçirilib. Qohumlarının sözlərinə görə, mərasim çox gözəl keçib.
Axşam saatlarında yeni evlənənlər bal ayı üçün Atlantaya helikopterlə uçmağa hazırlaşıblar. Həmin vaxt aerodrom ərazisinə duman çöküb. Pilot lisenziyası olan Deyv belə hava şəraitində uçuş etməyəcəyini bildirib.
Buna baxmayaraq, helikopter pilotu ilə danışıqdan sonra cütlük uçuşa razılaşıb. Pilot onları təhlükəsiz hündürlüyə qalxa biləcəyinə inandırıb.
Bir müddət sonra helikopter yaxınlıqdakı meşəlik ərazidə qəzaya uğrayıb.
Cenni dağıntılar altında özünə gəlib və xilasediciləri təxminən 5 saat gözləyib. Onun ciddi xəsarət almadığı, yalnız əzilmə və kəsiklər aldığı bildirilir.
Lakin Deyvin və helikopter pilotunun həyatını xilas etmək mümkün olmayıb.