İntihardan sonra şok detallar: Cəbrayılovun milyonlarla borcu varmış
Moskvada yerləşən mənzildə həyatına son qoyduğu bildirilən biznesmen və keçmiş senator Umar Cəbrayılovun böyük həcmdə maliyyə öhdəlikləri olduğu ortaya çıxıb. Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Cəbrayılov formal olaraq 2020-ci ilin fevralında biznesdən çıxaraq 71 faizlik payını sahibkar Vladimir Şupova satıb. Lakin dörd il sonra Şupov həmin aktivlərin sahibi olmadığını bəyan edib və sövdələşmənin qanuniliyi sual altına düşüb.
2025-ci ilin ortalarında isə Cəbrayılovun milyonlarla rubl borcu olduğu üzə çıxıb. Bildirilir ki, onun vergi, sığorta və cərimələr üzrə 190 milyon rubldan artıq öhdəliyi olub. Keçmiş senatorla əlaqəli 20-yə yaxın şirkətdə aparılan yoxlama zamanı mühasibat hesabatlarının təqdim edilmədiyi müəyyən edilib. O cümlədən “Avansis” qrupu üzrə son hesabatın 2016-cı ildə verildiyi qeyd olunur. Şirkət hesablarında isə cəmi təxminən 10 min rubl vəsait olduğu bildirilir.
Martın 2-də Umar Cəbrayılov Tverskaya küçəsindəki mənzildə huşsuz vəziyyətdə tapılıb. O, ağır durumda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. RİA Novosti mənbəsinin məlumatına görə, onun bədənində güllə yarası aşkarlanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə TASS-a bildirib ki, ehtimal olunan intiharın səbəblərindən biri maliyyə problemləri ola bilər.
Bundan əvvəl isə Cəbrayılovun adı qalmaqallı “Epstein sənədləri”ndə hallanmışdı.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.