Qaradağda həmkarının kartından 1200 manat oğurlayan şəxs saxlanıldı
Bakının Qaradağ rayonunda polis əməkdaşları həmkarının bank kartından 1200 manat mənimsəməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 28 yaşlı N. Ataşov cinayətdə şübhəli bilinərək müəyyən olunub və saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin iş yoldaşı olub və onun telefonundan istifadə edərək mobil tətbiq vasitəsilə pul vəsaitini öz hesabına köçürüb.
Faktla bağlı araşdırma davam etdirilir.