Mağaza rəfində təhlükə: çörəyin içindən ülgüc bıçaqları çıxdı
ABŞ-li qadın supermarket şəbəkəsində satılan məhsulların içinə ülgüc bıçaqları yerləşdirdikdən sonra həbs edilib.
Bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, 33 yaşlı Kamilla Benson Missisipi ştatının Biloksi şəhərində yerləşən iki “Walmart” mağazasında rəflərdəki məhsulları qəsdən zədələyib. Ən azı iki alıcı çörəyin içində ülgüc bıçaqları aşkar edib.
Qadın yalnız üçüncü insidentdən sonra saxlanılıb. Mağaza əməkdaşları yoxlama apararkən bir neçə zədələnmiş çörək aşkar ediblər. Videomüşahidə kameralarının qeydləri Bensonun mağazaya daxil olaraq məqsədli şəkildə çörəklərin içinə bıçaqlar yerləşdirdiyini göstərib.
Hadisədən sonra mağazalar potensial təhlükə yarada biləcək bütün məhsulları satışdan çıxarıb və ətraflı yoxlama aparıb. Polis bildirib ki, bu hal ilk dəfə baş verib və digər ticarət obyektlərinin hədəf alındığına dair məlumat yoxdur.
Məhkəmə Kamilla Benson üçün 100 min dollar məbləğində girov təyin edib.