Kürdəmirdə məktəblilər qatarın üstündə Tik-Tok çəkirmişlər: HADİSƏNİN TƏFƏRRÜATI-VİDEO
Kürdəmirdə orta məktəb şagirdini yüksək gərginlikli cərəyan vurub
Denmedia.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı–Qazax dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü, 9-cu sinif şagirdi Səfərli Sərvət Nazim oğlu dəmir yolu üzərində dayanmış qatarın üzərindən keçmək istəyərkən yüksək gərginlikli elektrik cərəyanının təsirinə məruz qalıb. Nəticədə yeniyetmə ağır bədən xəsarətləri alıb.
Hadisə yerində olan şəxslərin köməkliyi ilə yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisənin şahidi Baba Rzai bildirib ki, gənclər qatarın üzərində video çəkirmiş kimi görünürdülər:
> “Mağazada işləyirdim, səsə baxdım, elə bildim transformator partlayıb. Yaxınlaşanda gördüm ki, uşaqlar qatarın üstündədirlər. Orada yerdən keçmək mümkün idi, amma onlar qatarın üzərinə çıxmışdılar. Telefonla nəsə çəkirdilər. Sonra biri yerə yıxıldı. Dərhal təcili yardıma zəng etdik. Vəziyyəti çox ağır idi. Gənc uşaqlar idi, deyəsən məktəbdən çıxmışdılar”.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sözçüsü Elvira Cavadova isə bildirib ki, hadisə ilə bağlı xəstəxanaya ağır vəziyyətdə pasiyent gətirilib:
> “19.12.2025-ci il tarixində saat 13:00 radələrində cərəyan vurması səbəbilə 2011-ci il təvəllüdlü şəxs (kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım avtomobili ilə hospitalizasiya olunub. Ona elektrik cərəyanının təsiri, bədənin 65 faizdən çox hissəsinin termiki yanığı və yanıq şoku diaqnozu təyin edilib. Pasiyentə ilkin tibbi yardım göstərilib və vəziyyətinin ağırlığı nəzərə alınaraq Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edilib”.
Faktla bağlı hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Aqil Əsədov
Denmedia.az
nizami