Leysanlar Taylandı iflic etdi: onlarla qurban, milyonlarla zərərçəkən
Cənub-Şərqi Asiyada güclənən musson yağışları Taylandın cənub vilayətlərini fəlakət zonasına çevirib. Günlərlə ara verməyən leysanlar nəticəsində iri miqyaslı daşqınlar və torpaq sürüşmələri baş verib, bölgədə fövqəladə vəziyyət elan olunub.
Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Departamenti (DDPM) bildirir ki, daşqınlar və torpaq sürüşmələri 10 əyalətdə 719 min təsərrüfata və ümumilikdə 1,9 milyondan çox insana təsir edib.
Səhiyyə Nazirliyi isə ən ağır statistikanı açıqlayıb: azı 18 nəfər həlak olub, 12 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.
Ölkənin bir çox bölgəsində nəqliyyat tam dayanıb. Elektrik və internet kəsintiləri gündəlik həyatı çətinləşdirir. Təchizatları tükənən sakinlər sosial şəbəkələrdə yardım çağırışları edirlər. Xilasetmə qrupları çətin şəraitə baxmayaraq fəaliyyətini davam etdirir.