İran Hörmüz boğazını bağladı - gəmilər geri dönməyə başladı
Hörmüz boğazı istiqamətində hərəkət edən bəzi quru yük gəmiləri və tankerlərin geri döndüyü müşahidə olunub.
İran Milli Təhlükəsizlik Ali Şurası Hörmüz boğazındakı vəziyyət və ABŞ ilə aparılan danışıqlar, eləcə də atəşkəs prosesi ilə bağlı açıqlamasında bildirib ki, ABŞ-ın dəniz blokadası kimi üsullarla gəmilərin keçidinə mane olması “atəşkəsin pozulması” kimi qiymətləndiriləcək. Bu halda İran boğazın “şərti və məhdud” açılmasına da mane olacaq.
Beynəlxalq mediada yayılan məlumatlara görə, İran radiorabitə sistemi vasitəsilə gəmilərə göndərdiyi bildirişdə ABŞ-ın danışıqlardakı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək Hörmüz boğazının yenidən bağlı elan edildiyini və heç bir ölkəyə məxsus gəmilərin keçidinə icazə verilməyəcəyini bildirib.
Real vaxt rejimində gəmi izləmə xidməti olan MarineTraffic-in məlumatına əsasən, bölgədə qeyri-müəyyənlik davam etdiyi üçün boğaz istiqamətində hərəkət edən bəzi gəmilər marşrutlarını dəyişərək geri qayıdır.
Bu gün Qətərin Doha limanından yola çıxaraq Hörmüz boğazına doğru hərəkət edən “Al Ghashamiya”, “Lebrethah” və “Fuwairit” LNG tankerlərinin geri döndüyü müşahidə olunub.
Bununla yanaşı, təyinat nöqtəsi Çin olan Honq Konq bayraqlı “Sun Profit” quru yük gəmisi və Fransanın CMA CGM şirkətinə məxsus üç konteyner gəmisinin də marşrutlarını dəyişərək geri döndüyü bildirilib.