İmamoğlu işi böyüyür: 5 milyon avroluq rüşvət iddiası
Korrupsiya ittihamı ilə həbs edilən Antalyanın keçmiş meri Muhittin Böcek İstanbulun həbsdə olan keçmiş meri, müxalifətçi siyasətçi Ekrem İmamoğlu ilə bağlı ifadə verib.
Hürriyet qəzetinin məlumatına görə, Böcek İmamoğluya 5 milyon avro rüşvət verdiyini iddia edib.
Nəşrin yazdığına əsasən, Böcek 2023-cü ilin qışında, bələdiyyə seçkilərinə hazırlıq dövrü ilə bağlı əlavə ifadə verib. O bildirib ki, İmamoğlu ondan təxminən 15 milyon avro maddi dəstək istəyib. Böcekin iddiasına görə, İmamoğlu həmçinin prezidentlik kampaniyası çərçivəsində Aralıq dənizi regionuna səfəri zamanı xərclərinin qarşılanmasını da tələb edib.
Antalyanın keçmiş merinin sözlərinə görə, o, 5 milyon avro toplayaraq pulu İstanbulda Qapalıçarşıda vasitəçi şəxs üzərindən çatdırıb. Qalan 10 milyon avronu isə İmamoğlu 2025-ci ilin martında həbs edildiyi üçün vermədiyini bildirib.
Böcek özü 2025-ci il iyulun 5-də Antalya bələdiyyəsində korrupsiya araşdırması çərçivəsində saxlanılıb.
Xatırladaq ki, Ekrem İmamoğlu 2025-ci ilin martında saxlanılıb. O, korrupsiya və terrorçularla əməkdaşlıqda ittiham olunur. İmamoğlu bütün ittihamları rədd edir. Onun saxlanılmasından sonra Türkiyənin müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilmişdi.
Müxalif Cümhuriyyət Xalq Partiyası İmamoğlunun həbsini siyasi motivli hesab edir. İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2028-ci il seçkilərində əsas rəqiblərindən biri kimi göstərilir.