Danimarka azanı qadağan etməyə hazırlaşır
Danimarkanın miqrasiya naziri Morten Bodskov Ritzau agentliyinə açıqlamasında hökumətin azanın qadağan edilməsinin hüquqi baxımdan mümkün olub-olmadığını yenidən araşdıracağını bildirib.
Bodskov azanın Danimarkada yeri olmadığını deyib.

“Danimarka damlarının üzərindən azan səsi eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir şəhərətrafı qəsəbəsində hiss edib-etmədiyinizə şübhə etməməlisiniz”, — deyə nazir bildirib.
O, həmçinin “artan islamlaşmanın” ictimai məkanı həddindən artıq tutduğunu iddia edib.
Bu, Danimarkada azanı qadağan etmək üçün hüquqi baza yaratmaq istiqamətində üçüncü cəhd hesab olunur. Daha əvvəl azan qadağası 2020 və 2025-ci illərdə də Sosial Demokrat hökumətlər tərəfindən gündəmə gətirilmişdi.
Bununla belə, ölkə üzrə azana qadağa tətbiqi ciddi hüquqi çətinliklərlə üzləşə bilər. Danimarka Konstitusiyası dini azadlığın ictimai şəkildə həyata keçirilməsi hüququnu təmin edir.
Təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır. Ölkədə təxminən 100 məscid fəaliyyət göstərir.