İsrail ordusu Livanda strateji yüksəkliyi ələ keçirdi
İsrail ordusu Livanda Litani çayının şimalında yerləşən mühüm strateji yüksəkliyə nəzarəti ələ keçirib. Söhbət səlibçilər dövrünə aid Bofor qalasının yerləşdiyi ərazidən gedir.
Bu barədə İsrailin müdafiə naziri İsrael Kats X sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, bu addım Qalileydəki yaşayış məntəqələrinin müdafiəsini gücləndirməyə və İsrail qoşunlarının təhlükəsizliyini təmin etməyə imkan verir.
“Baş nazir Binyamin Netanyahunun göstərişi və mənim göstərişimlə İsrail Müdafiə Ordusu Livandakı manevrlərini genişləndirdi, Litani çayını keçdi və Bofor silsiləsini ələ keçirdi. Bu, Qalileydəki yaşayış məntəqələrimizin müdafiəsi və qoşunlarımızın təhlükəsizliyinin təmin olunması üçün ən mühüm strateji nöqtələrdən biridir”, deyə Kats yazıb.