Londonda yəhudi icmasına hücum edildi: üç nəfər yaralandı
Londonun şimalında yəhudi icmasının nümayəndələrinə hücum edilib.
Bu barədə Skotland-Yard məlumat yayıb.
Hadisə nəticəsində üç nəfər yüngül xəsarət alıb.
Polisin məlumatına görə, insident mayın 9-na keçən gecə Enfild rayonundakı Sausberi-Roud küçəsində baş verib.
Hüquq-mühafizə orqanlarına naməlum kişinin insanları təqib etdiyi, onları hədələdiyi və daha sonra hücum etdiyi barədə məlumat daxil olub.
Şübhəli saxlanılıb və polis bölməsinə aparılıb.
Zərərçəkənlər 58 və 26 yaşlı kişilər, həmçinin 53 yaşlı qadın olub.
Polis bildirib ki, xəsarətlər yüngül olub və əlavə tibbi müdaxilə tələb etməyib.
Daha sonra saxlanılan şəxsin Londonun Hornçörç bölgəsində yaşayan 34 yaşlı Dilan Ossey olduğu məlum olub.
Ona hücum, irqi və dini nifrət zəminində cinayət, nifrət motivli təqib və təhqiredici davranış da daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb.
Məlumata görə, Dilan Ossey mayın 11-də Hayberi magistrat məhkəməsi qarşısına çıxarılacaq.
Skotland-Yard nümayəndəsi Marko Bardetti bildirib ki, nifrət zəminində törədilən cinayətlər maksimum ciddiyyətlə araşdırılır.