Berezovskinin “ölüm evi” 27 milyon dollara satışa çıxarıldı - FOTO
Rusiyalı oliqarx Boris Berezovskinin keçmiş həyat yoldaşı Qalina Beşarova 2013-cü ildə biznesmenin cəsədinin tapıldığı Swan Lake malikanəsini yenidən satışa çıxarıb. Bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, satış elanları 2025-ci ilin dekabrında yerləşdirilib.

Bildirilib ki, Böyük Britaniyanın nüfuzlu Askot bölgəsində yerləşən malikanənin qiyməti 20 milyon funt sterlinqdir. 25 akr ərazidə yerləşən mülkün iki gölü və qu quşları olan parkı var. Malikanə 2017-ci ildə də satışa çıxarılsa da, alıcı tapılmamışdı.
Yeni təsvirə görə, evdə yenidən planlaşdırma işləri aparılıb. Belə ki, malikanədə indi 8 deyil, 9 yataq otağı və 7 deyil, 12 hamam otağı var.
Mülkdə həmçinin qonaq evi, qış bağı, idman zalı, sauna, tennis kortu, jakuzzi və bilyard otağı yerləşir.

Qeyd olunur ki, 2019-cu ildə Beşarova bu malikanəni Avon Family Limited şirkəti vasitəsilə West One Loan ipoteka agentliyində girov qoyub, lakin girovun məbləği açıqlanmayıb.