Marco Rubio Ukrayna Prezidenti Volodymyr Zelenskyy ilə görüş keçirib. Bu barədə ABŞ-ın dövlət katibi sosial şəbəkə X-də məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı Ukraynanın təhlükəsizliyi, həmçinin müdafiə və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
“Zelenski ilə Ukraynanın təhlükəsizliyi və müdafiə, iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmək üçün görüşdüm. Prezident Donald Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq həll yolu tapmaq istəyir”, – deyə Rubio yazıb.
Bundan bir neçə saat əvvəl Rubio G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşdə ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakını davam etdirməyə hazır olduğunu vurğulayıb.
O, həmçinin həmkarları ilə Hind-Sakit okean regionu və Qərb yarımkürəsində təhlükəsizlik çağırışlarını müzakirə edib.