ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) ötən il şübhəli telefon danışığını dinləyib. Bu barədə The Guardian nəşri məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinə daxil olan şəxslə xarici xüsusi xidmət orqanının nümayəndəsi arasında aparılıb. Jurnalistlərin yazdığına görə, insidentlə bağlı məlumat ABŞ-ın Milli Kəşfiyyat Direktoru Tulsi Qabbarda təqdim olunub.
Bildirilir ki, Qabbard danışığın detalları ilə bağlı yazılı hesabatın Trampın administrasiya rəhbərinə ötürülməsi barədə göstəriş verib, bundan sonra isə NSA-ya məlumatların yayılmasını qadağan edib. Qərara əsasən, işlə bağlı bütün materialların birbaşa onun ofisinə göndərilməsi tapşırılıb.
Eyni zamanda, Milli Kəşfiyyat Direktoru İdarəsi (ODNI) məlumatların gizlədilməsi ilə bağlı ittihamları qəti şəkildə rədd edib. Rəsmi açıqlamada vəziyyətin siyasi motivli manipulyasiya olduğu bildirilib.
“Qabbardın atdığı bütün addımlar onun qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində olub. Bu iddialar məxfi məlumatlardan siyasi məqsədlərlə istifadə cəhdidir”, – deyə açıqlamada vurğulanıb.