WSJ: Tramp üçüncü prezidentlik müddətini hüquqşünasla müzakirə edib
The Wall Street Journal (WSJ) yazır ki, ABŞ prezidenti Donald Tramp hüquqşünas Alan Derşovitslə üçüncü prezidentlik müddəti imkanını müzakirə edib.
Çərşənbə axşamı, 16 dekabrda, dövlət başçısı Derşovitslə onun “Prezident Tramp Konstitusiyaya əsasən üçüncü müddətə yenidən seçilə bilərmi?” adlı kitabının qaralama variantını müzakirə edib. Ağ Evin Oval kabinetində keçirilən görüşdə hüquqşünas Trampa bu məsələ ilə bağlı tam aydınlığın olmadığını bildirib. Kitabda müəllif üçüncü müddətə namizədliyin mümkün ola biləcəyi bir sıra ssenariləri təsvir edib.
Tramp kitabı oxuyacağına söz verib. Derşovits isə görüşdən sonra hazırkı prezidentin üçüncü müddətə namizədliyini irəli sürməyəcəyini düşündüyünü deyib.
Hüquqşünasın fikrincə, seçicilər kollegiyasının üzvləri səsvermədən imtina edərsə və yeni prezidentlə bağlı qərarı Konqres verərsə, Tramp hakimiyyətdə qala bilərdi.
Lakin Hofstra Universitetinin hüquq fakültəsinin professoru Ceyms Sempl bu ssenarini “absurd” adlandırıb. Bununla belə, o, narahatlıq doğura bilən yeganə ssenarini qeyd edib: əgər yeni prezident vəzifəyə başladıqdan sonra istefa verərsə, onun yerini Trampın tutması.
Qeyd edək ki, Tramp ABŞ Konstitusiyasının 22-ci düzəlişi ilə qoyulmuş qadağaya baxmayaraq, üçüncü prezidentlik müddətinə namizəd olmaq ehtimalını dəfələrlə dilə gətirib.