Media–Ağ Ev qarşıdurması: BBC Trampa qarşı mövqeyini açıqladı
Böyük Britaniyanın BBC teleradio korporasiyası ABŞ prezidenti Donald Trampın qaldırdığı iddia ilə bağlı günahını etiraf etmək niyyətində olmadığını bəyan edib. Bu barədə çərşənbə axşamı korporasiyanın saytında yayımlanan açıqlamada bildirilib.
“Daha əvvəl də qeyd etdiyimiz kimi, bu iş üzrə öz mövqeyimizi müdafiə edəcəyik,” — deyə BBC nümayəndəsinin sözləri açıqlamada yer alıb.
Xatırladılır ki, Tramp BBC-yə qarşı məhkəmə iddiası qaldırıb və böhtana görə 5 milyard dollar təzminat tələb edir.
İddiada BBC 2024-cü il seçkilərinə bir həftə qalmış yayımlanan sənədli filmdə Tramp barədə “yalan, nüfuzdan salan, çaşdırıcı, alçaldıcı, təhrikedici və qərəzli obraz” yaratmaqda ittiham olunur.