ABŞ giriş qadağası siyahısını genişləndirdi: yeni ölkələr əlavə olundu
ABŞ hakimiyyəti ölkə ərazisinə girişin tam qadağan edildiyi ölkələrin siyahısını genişləndirib, — bu barədə çərşənbə axşamı Ağ Ev məlumat yayıb.
ABŞ administrasiyasının saytında dərc olunan sənəddə bildirilir ki, Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşları üçün ABŞ-a girişə tam qadağa tətbiq olunur. Bundan əlavə, Fələstin Milli Administrasiyası tərəfindən verilmiş sənədlərlə səyahət edən şəxslər də bu qadağaya daxildir.
Ağ Ev xatırladır ki, daha əvvəl Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşları üçün də tam giriş qadağası tətbiq edilmişdi və bu tədbirlər qüvvədə qalır.
ABŞ hakimiyyəti vurğulayır ki, bu məhdudiyyətlərin məqsədi ölkənin milli təhlükəsizliyinin qorunması və amerikalıların təhlükəsizliyinin təmin edilməsidir.
Eyni zamanda, Vaşinqton Burundi, Kuba, Toqo və Venesuela vətəndaşları üçün ABŞ-a girişlə bağlı qismən məhdudiyyətləri də qüvvədə saxlayır.
Sənəddə qeyd olunur ki, Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarına tətbiq edilən məhdudiyyətlər ləğv olunur, lakin immiqrasiya vizalarının verilməsinin dayandırılması davam edir.