Kral fərmanı ilə yeni mərhələ: Tailandda siyasi sistem yenidən qurulur
Tailand kralı Maha Vaçiralonqkorn fərmanla ölkə parlamentinin aşağı palatasını buraxıb. Bu barədə Nation qəzeti məlumat yayıb.
Fövqəladə kral fərmanının imzalanmasının təşəbbüskarı Tailandın baş naziri Anuthin Çanvirakul olub.
“Kral fərmanı aşağı palatanın buraxılmasını nəzərdə tutur. Anuthin bildirib ki, azlıq hökuməti iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik və Kamboca ilə sərhəddəki böhran şəraitində ölkəni idarə edə bilmir”, — deyə materialda qeyd olunur.
Nəşrin məlumatına görə, ölkədə növbədənkənar ümumi seçkilər fərmanın kral qəzetində dərc olunmasından sonra ən tez 45 gün, ən gec 60 gün ərzində keçiriləcək.
Qeyd olunur ki, Tailand və Kamboca arasında sərhəd bölgələrində hərbi eskalasiya ötən həftəsonu başlayıb və hələ də davam edir.
8 dekabr tarixində Tailand Kambocanı Buriram əyalətində mülki ərazilərə hücumda ittiham edib. Bundan az əvvəl tərəflər sərhəd zonasında qarşılıqlı zərbələr endiriblər. Hadisə Tailandın Anuponq hərbi bazasına hücumdan sonra baş verib, nəticədə kral ordusunun hərbçiləri xəsarət alıb.
Buna cavab olaraq Tailand F-16 qırıcılarını işə salaraq Çonq An Ma rayonunda Kambocaya məxsus artilleriya mövqelərinə zərbələr endirib.