İstanbul prosesi davam etməlidir — Ərdoğan Zelenski ilə görüşdən sonra
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyayla Ukrayna arasında İstanbul danışıqlarının yenidən başlanmasını “son dərəcə əhəmiyyətli” adlandırıb. DenMedia.az xəbər verir ki, bu barədə o, Ukrayna lideri Vladimir Zelenski ilə görüşdən sonra bildirib.
Türkiyə lideri xatırladıb ki, Ankara daha əvvəl üç raund danışıqlara ev sahibliyi edib və həmin görüşlər zamanı bir sıra məsələlər üzrə real irəliləyiş əldə olunub.
O deyib ki, tərəflər həmin dövrdə atəşkəs və hərbi məsələləri müzakirə etmək imkanına malik olublar.
“Biz bütün bunları çox dəyərli addımlar hesab edirik. Bu gün də İstanbul prosesinin pragmatik və nəticəyönlü şəkildə davam etdirilməsinin vacibliyini vurğuladıq”, — Ərdoğan bildirib.
Səhər saatlarında Türkiyənin diplomatik mənbəsi də açıqlama verərək, Ankaranın Rusiya ilə əlaqələri davam etdirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Ərdoğan ənənəvi olaraq telefon diplomatiyasını aktiv şəkildə davam etdirir.