Hörmüzdə gərginlik: İran BƏƏ-dən Sinqapura gedən tankeri dayandırdı
İran Marşall Adaları bayrağı altında üzən və Hörmüz boğazından keçən neft tankerini saxlayıb.
Associated Press agentliyi bunu ABŞ-ın anonim rəsmisinə istinadən xəbər verir.
“İran Marşall Adaları bayraqlı neft tankerini cümə günü dar Hörmüz boğazından keçərkən saxladı. Gəmi İranın ərazi sularına yönləndirildi... "Talara" adlı gəmi Əcmandan (Birləşmiş Ərəb Əmirlikləri) Sinqapura gedirdi ki, İran qüvvələri onu ələ keçirdilər”, — agentlik bildirir.
Qeyd olunur ki, gəmidən məsul olan Kipr şirkəti Columbia Shipmanagement tanker ilə əlaqəni itirdiyini açıqlayıb. İlkin məlumatlara görə, gəmi yüksək kükürdlü dizel yanacağı daşıyırdı. Agentliyin məlumatına əsasən, şirkət bu barədə “müvafiq orqanları” məlumatlandırıb və hazırda əlaqənin bərpası üçün dəniz təhlükəsizlik xidmətləri və gəmi sahibi daxil olmaqla bütün maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq edir.