Cənubi koreyalı kişi ölümündən sonra 100 nəfərin həyatını xilas etdi
Cənubi Koreyada 60 yaşlı Mun Çu Hvan ölümündən sonra bütün orqan və toxumalarını ehtiyacı olanlara bağışlayaraq təxminən 100 nəfərin həyatını xilas edib. Bu barədə Korea JoongAng Daily məlumat yayıb.
Hvan 2025-ci il avqustun 9-da dostu ilə söhbət zamanı qəfil huşunu itirib və Çxonmun Universiteti Xəstəxanasına çatdırılıb. Həkimlər onun beyin fəaliyyətinin dayandığını müəyyənləşdiriblər.
Mərhum hələ sağ ikən donor kartı daşıyır və oğlu ilə birlikdə orqan donorları reyestrinə qeydiyyatdan keçmişdi. Buna görə də onun bütün bioloji materialları Milli Orqan, Toxuma və Qan İdarəetmə İnstitutuna təhvil verilib.
Mütəxəssislər qeyd edirlər ki, bu hadisənin unikal tərəfi toxumaların beş ilədək saxlanıla bilməsi və bir çox ağır xəstələrin orqan funksiyalarını bərpa etmək üçün istifadə edilə bilməsidir. Orqanlardan fərqli olaraq, toxumaların istifadəsi üçün təcili transplantasiya tələb olunmur.
KODA təşkilatının rəhbəri Li Sam Yöl ailəyə təşəkkür edərək bildirib ki, bu hadisə fövqəladə fədakarlığın nümunəsidir. Onun sözlərinə görə, bir insanın toxuma donorluğu onlarla xəstənin həyatına işıq sala bilər.