Azərbaycanda məktəblər üçün yeni telefon qaydaları təsdiqləndi
Azərbaycanda məktəbəqədər hazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil telefonlardan və digər elektron cihazlardan istifadə qaydaları təsdiqlənib.
Müvafiq qərar Elm və Təhsil Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilib.
Sənəd məktəbəqədər hazırlıq qruplarında və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadə qaydasını tənzimləyir.
Mobil və elektron cihazlar dedikdə mobil telefonlar, planşetlər, smart saatlar, noutbuklar, portativ oyun konsolları və digər oxşar daşınan cihazlar nəzərdə tutulur. Bu cihazlara səsli və videogörüntülü rabitə, internetə çıxış, informasiyanın emalı, saxlanılması və ötürülməsi, oyunların işə salınması, eləcə də multimedia funksiyalarından istifadə üçün nəzərdə tutulan vasitələr daxildir.
Təsdiqlənmiş qaydalara əsasən, şagirdlərə dərs və məşğələ zamanı mobil telefonlardan və digər elektron cihazlardan istifadə etmək qadağandır.
Məktəbə gətirilən bütün cihazlar dərs günü başa çatanadək təhsil müəssisəsinin administrasiyası tərəfindən müəyyən edilən xüsusi yerlərdə — mobil qutularda, dolablarda və digər ayrılmış yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Dərs zamanı mobil cihazlardan istifadəyə yalnız pedaqoqun icazəsi və nəzarəti altında, yalnız təhsil məqsədləri üçün icazə veriləcək. Bu, elektron tədris materiallarına çıxış, təhsil tətbiqlərindən istifadə, təqdimatların hazırlanması, araşdırmaların aparılması və digər tədris tapşırıqları ilə bağlı ola bilər.
Təhsil müəssisəsinin ərazisində şagirdlər mobil telefonlardan və digər elektron cihazlardan yalnız istisna hallarda istifadə edə biləcəklər. Belə hallara təbii fəlakətlər, digər fövqəladə vəziyyətlər, sağlamlıqla bağlı problemlər və informasiya mübadiləsini zəruri edən digər hallar daxildir.
Yeni qaydalara əməl olunmasına nəzarət hər bir təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun həyata keçiriləcək.
Pozuntu aşkarlandıqda məktəb administrasiyası bir iş günü ərzində şagirdin valideynlərini və ya qanuni nümayəndələrini məlumatlandırmalıdır.
Bundan başqa, profilaktik tədbirlər də görüləcək. Bu tədbirlərə şagirdlə fərdi söhbətlərin aparılması, valideynlərin pedaqoqlarla birgə müzakirə üçün məktəbə dəvət olunması, həmçinin şagirdin dərsdənkənar və tərbiyəvi tədbirlərə cəlb edilməsi daxildir.