Azərbaycan–İran sərhədindən yük maşınlarının hərəkəti bərpa olundu - VİDEO
Martın 5-də İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbələr endirməsindən sonra Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan–İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinə müvəqqəti qadağa qoyulmuşdu.
Baku TV-nin hazırladığı videomaterialda bildirilib ki, növbəti gün bu qərara müəyyən yumşalmalar tətbiq olunub, daha sonra isə bütün məhdudiyyətlər tamamilə aradan qaldırılıb.
Qeyd olunur ki, gün ərzində təxminən 100 yük maşını gömrük məntəqəsindən maneəsiz keçib.
Vəziyyətlə bağlı sürücülər də fikirlərini bölüşüblər. Onlardan biri təxminən 5–10 gün sərhədi keçmək üçün gözlədiyini, lakin sonda problemlə üzləşmədən sərhədi keçdiyini bildirib.
“İki gün yarım bizi gömrükdə saxladılar. Ondan əvvəl isə yük maşınları üçün nəzərdə tutulmuş dayanacaqda gözləyirdik. Ümumilikdə altı gün burada qaldıq və sərhədi keçə bilmədik. O tərəfdə də növbə gözləyən çoxlu maşın var. Yaradılan şəraitə görə Azərbaycana təşəkkür edirəm. Rusiyaya, Samaraya gedirəm”, — deyə digər sürücü qeyd edib.