Sumqayıt Bələdiyyəsinin hesabat iclası keçirilib-VİDEO
Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının inzibati binasında Sumqayıt Bələdiyyəsinin 2025-ci ilin 11 aylıq hesabatı və 2024-2025-ci illərin 11 aylıq hesabatının müqayisəli təhlilinə dair hesabat iclası keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Hesabat yığıncağında çıxış edən Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov görülmüş işlər, həyata keçirilən sosial və infrastruktur layihələri, eləcə də həlli vacib məsələlər barədə geniş məlumat verib. O bildirib ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tövsiyələri əsasında şəhərdə mühüm abadlıq işləri həyata keçirilir. Vurğulanıb ki, bələdiyyənin əsas məqsədi şəhər İcra Hakimiyyəti ilə birlikdə bu inkişafını sürətləndirmək, sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaq və ictimai infrastruktu daha da gücləndirməkdir.
Daha sonra Bələdiyyənin sədr müavini Orxan Bəndəliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, son iki ayda şəhərin müxtəlif ərazilərində ümumilikdə 22 458 kvadrat metr, 11 ay ərzində isə 27 min kvadrat metrdən çox asfalt örtüyü çəkilib. Küçə işıqlandırmaları yenilənib, Sülh küçəsində sakinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan 3900 metrlik məhəccərin 1500 metri artıq quraşdırılıb. Bundan əlavə, məhəllə komitələri ilə birlikdə geniş iməcilik aksiyaları həyata keçirilib.
Bələdiyyə sədrinin müavini Orxan Adıgözəlzadə isə məlumat verib ki, Bələdiyyə Parkında geniş abadlıq işləri görülüb. Səkilər yenilənib, tamet və bardürlər düzülüb, yaşıllıq sahəsi artırılıb, attraksionlar yenilənib və sakinlərin istirahəti üçün xüsusi piknik zonası salınıb.
Orxan Adıgözəlzadə Sumqayıtda torpaq sahələrinin sənədləşdirilməsi sürətləndirilməsindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin 17 oktyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində Sumqayıt şəhərində torpaq sahələrinin hüquqi sənədləşdirilməsi və koordinatların dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.Proses Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilir.Hazırda Novxanı bağları,Saray bağları və Corat bağları ərazilərində yerində ölçmə işləri görülür.Əsas məqsəd torpaq sahələrinin dəqiq koordinatlarının müəyyənləşdirilməsi və sənədləşdirmə prosesinin sürətləndirilməsidir.Görülən işlərin sürətini nəzərə alsaq 2026-ci il birinci rübünə kimi yerində ölçmə işləri yekunlaşdırılacaq.
Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva illik maliyyə hesabatını təqdim edib. 2025-ci ilin 11 aylıq hesabatı və 2024-2025-ci illərin 11 ayının müqayisəli təhlili göstərib ki, bu illər ərzində bələdiyyənin vergi və digər daxilolmalarında əhəmiyyətli dinamika müşahidə olunub. Artım istiqamətləri üzrə əmlak vergisi – əvvəlki ilin eyni dövrü ilə müqayisədə 98,4% Torpaq vergisi – 15,6% Bələdiyyə mülkiyyətinin icarəsi – 6,1% artıb. Hesabat dövründə vergi ödəyicilərinə 40 minə yaxın SMS bildiriş göndərilib ki, bu da ödəmə intizamının yüksəldilməsinə ciddi təsir göstərib. Vahid Reyestr Sistemi üzrə məlumat bazası 99%-lik formalaşdırılıb. Ödəmə intizamının ciddi şəkildə artırılması və gecikmiş ödənişlərə nəzarətin gücləndirilməsi təmin edilib. Yeni əmlak və torpaq məlumatlarının sistemə daxil edilməsi, Müfəttişlərin iş yükünün optimallaşdırılması, 2026-cı ildən ödənişlər üzrə 1 illik hesablamaların tətbiqinə başlanılıb. Nəticə olaraq, bələdiyyənin vergi gəlirlərində dayanıqlı artım, struktur səmərəliliyində isə əhəmiyyətli yüksəliş müşahidə olunub. Nərmin Mehdiyeva bildirib ki, növbəti dövrdə əsas məqsəd vergi sisteminin şəffaflığını, səmərəliliyini və rəqəmsallaşmanı daha da artırmaqdır.
Daha sonra İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Şıxəli Abbasov, Memarlıq şöbəsinin müdiri Babək Atakişiyev və digər struktur rəhbərləri görülən işlər və qarşıda duran məsələlərlə bağlı çıxış ediblər.
Hesabat yığıncağında bələdiyyə əməkdaşlarının işə davamiyyəti, intizam və məsuliyyət prinsiplərinə əməl etməsi də müzakirə olunan əsas məsələlərdən biri olub. Qeyd edilib ki, struktur bölmələrində əməkdaşların iş rejiminə riayət etməsi, vətəndaşlara operativ və səmərəli xidmət göstərilməsi prioritet istiqamətlərdəndir.
Tədbirdə həmçinin bildirilib ki, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq,müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin etmək və kommunikasiya prosesini daha da gücləndirmək məqsədilə “1923” Çağrı Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Yeni çağrı mərkəzi müasir texnoloji infrastruktur üzərində qurulub və sakinlərin müraciətlərinin qısa müddətdə qeydiyyata alınaraq aidiyyəti qurum və şöbələrə yönləndirilməsini təmin edəcək.
Bundan əlavə yığıncaqda bələdiyyə kollektivində təlim-tərbiyə və peşəkarlığın artırılması, işçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün mütəmadi treninqlərin keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, xidməti mədəniyyətin yüksəldilməsi və vətəndaşlarla nəzakətli münasibətin qorunması bələdiyyə fəaliyyətinin əsas tələblərindəndir.
Müzakirə olunan digər mühüm mövzulardan biri məhəllə komitələrinin fəaliyyətinin genişləndirilməsi və daha effektiv iş mexanizminin qurulması olub. Bildirilib ki, məhəllə komitələri ilə sıx əməkdaşlıq sakinlərin problemlərinin operativ həllinə, ictimai nəzarətin gücləndirilməsinə və yerli özünüidarəetmənin daha funksional şəkildə həyata keçirilməsinə şərait yaradır.
Tədbirdə bu istiqamətlər üzrə qarşıdakı dövrdə görüləcək işlər, mövcud strukturların təkmilləşdirilməsi və sakinlərlə əlaqələrin daha da gücləndirilməsi üçün təkliflər səsləndirilib.
Sonda hesbat yığıncağı qarşılıqlı fikir mebadiləsi ilə yekunlaşıb.
nizami