Hörmüz gərginliyi böyüyür – İran ABŞ-nin data mərkəzlərini hədəfə almaqla hədələdi
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ ilə açıq hərbi qarşıdurmanın yenidən başlaması halında Vaşinqtonun Yaxın Şərqdəki rəqəmsal infrastrukturunun hədəfə çevrilə biləcəyini bildirib.
Rezayi deyib ki, İranın potensial hədəfləri sırasında rabitə kabelləri, böyük data mərkəzləri, süni intellekt infrastrukturu və digər texnoloji obyektlər də ola bilər.
Onun sözlərinə görə, ABŞ-nin xüsusilə Birləşmiş Ərəb Əmirliklərində və Hörmüz boğazı ətrafında yüksək dəyərə malik obyektləri mövcuddur və Tehran hələlik onları hədəf siyahısına daxil etməyib.
“Bu aktivləri hələ hədəflərimiz sırasına daxil etməmişik. Lakin müharibə yenidən başlayarsa, bir çox kabel, data mərkəzi, süni intellekt infrastrukturu və regiondakı digər obyektlər məhv ediləcək”, – Rezayi bildirib.
İran rəsmisi bununla yanaşı, ABŞ-nin Tehran tərəfindən irəli sürülən son təkliflərə verdiyi cavabı “qeyri-kafi” adlandırıb.