Neft bazarında istiqamət dəyişdi – “Brent” 103,5 dollara endi
“Brent” markalı neftin qiyməti bazar ertəsi hərracların əvvəlində yüksəldikdən sonra bir barel üçün 103,6 dollardan aşağı düşüb.
ICE birjasının məlumatına görə, ticarətin açılışından sonra “Brent”in qiyməti 105,6 dolları keçib, lakin daha sonra kotirovkalar azalmağa başlayıb.
Dekabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 0,9 faiz azalaraq 103,52 dollara düşüb. Sessiya ərzində minimum qiymət 103,5 dollar təşkil edib.
Sonrakı ticarətdə də neft ucuzlaşmasını davam etdirib. Reuters-in məlumatına görə, “Brent”in qiyməti 103 dollar ətrafına enib.
Bununla belə, neftin qiyməti hələ də yüksək səviyyədə qalır. Buna Yaxın Şərqdə davam edən gərginlik, enerji infrastrukturuna hücumlar, daşınma riskləri və dizel bazarındakı çatışmazlıq təsir göstərir.
Bazar iştirakçıları eyni zamanda Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması ehtimalını və Rusiyadan əlavə dizel tədarükü ilə bağlı açıqlamaları izləyirlər. Bu xəbərlər bazarda tədarükün artacağına dair gözləntiləri gücləndirib və qiymətlərə aşağı istiqamətdə təzyiq göstərib.
Qeyd edək ki, G7 və tərəfdaşları enerji bazarındakı gərginliyi azaltmaq məqsədilə ehtiyatlardan təxminən 100 milyon barel neft və neft məhsulunun bazara çıxarılmasını sürətləndirmək barədə razılığa gəliblər. Buna baxmayaraq, “Brent”in qiyməti hələ də 100 dolların üzərində qalır.