Türkiyənin Show TV kanalında yayımlanan məşhur “Kızılcık Şerbeti” serialında daha bir ayrılıq yaşanacaq.
Serialın beşinci mövsümündə aktyor heyətinə qoşulan Murat Aygen canlandırdığı Lider obrazı ilə təxminən iki bölümdən sonra vidalaşacağını açıqlayıb.
Serialda Kıvılcımın yeni qonşusu və Hilalın qardaşı kimi tamaşaçıların qarşısına çıxan aktyor ayrılıq qərarının səbəbinə də aydınlıq gətirib.
Murat Aygen bildirib ki, serialdan getməsi ssenarist dəyişikliyi ilə bağlı deyil. Onun sözlərinə görə, canlandırdığı obrazın zamanla daha qaranlıq xarakter alması bu qərarında mühüm rol oynayıb.

“Açığı, mən bu adamı qəbul etmədim. Qəbul edə bilməyəcəyim bir işin içində olmamağı üstün tuturam. Nə özümün bədbəxt olmağını istəyirəm, nə də başqalarını bədbəxt etmək istəyirəm”, – deyə aktyor bildirib.
Aygen birlikdə çalışdığı yaradıcı heyət haqqında müsbət fikirlər səsləndirib və çəkiliş meydançasındakı həmkarları üçün darıxacağını qeyd edib.
Bununla yanaşı, serialın bu axşam yeni bölümünün yayımlanmayacağı barədə məlumat da tamaşaçıların diqqətini çəkib.