İtaliyanın Forte-dey-Marmi şəhərində opera müğənnisi Andrea Boçelliyə məxsus villalardan birinə naməlum şəxslər daxil olaraq evi qarət ediblər. Bu barədə Il Tirreno nəşri yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 26-dan 27-nə keçən gecə baş verib.
İstintaqın versiyasına əsasən, oğrular villadan ümumilikdə təxminən 500 min avro dəyərində əmlak və pul aparıblar.
Bildirilir ki, oğurlanan əşyalar arasında çantalar, zinət əşyaları və bahalı saatlar olub.
Nəşrin yazdığına görə, müğənni həmin villanı amerikalı turist ailəsinə kirayə veribmiş. Oğurluq zamanı ailə evdə olmayıb.
Hüquq-mühafizə orqanları müəyyən edib ki, villa lazımi qaydada bağlanmayıb. İstintaqın məlumatına əsasən, istirahət edən şəxslər mühafizə siqnalizasiya sistemini də aktivləşdirməyiblər.
Hazırda yerli polis cinayətkarların müəyyən edilməsi üçün təhlükəsizlik kameralarının görüntülərini araşdırır.
Forte-dey-Marmi meri Bruno Marsi bildirib ki, şəhər ərazisində artıq 140 kamera quraşdırılıb və daha 26 kameranın yerləşdirilməsi planlaşdırılır. O, istirahət edənləri və yerli villa sahiblərini əmlaklarına diqqətlə yanaşmağa və mövcud bütün təhlükəsizlik tədbirlərindən istifadə etməyə çağırıb.