Amerikalı repçi Kanye West antisemit çıxışlarına görə üzr istəyib. Musiqiçi bununla bağlı elanını The Wall Street Journal qəzetində dərc etdirib. Məlumatı Vanity Fair yayıb.
“Mənim incitdiyim hər kəsə” başlıqlı üzrxahlıq mətnində Kanye West 2002-ci ildə keçirdiyi avtomobil qəzasını xatırladıb. Həmin qəza nəticəsində onun çənəsi sındırılıb və beynin sağ alın payı zədələnib.
“İyirmi beş il əvvəl avtomobil qəzasına düşdüm. Çənəm sındı, beynimin sağ alın payı zədələndi. O vaxt diqqət daha çox görünən xəsarətlərə — sınığa, şişməyə və birbaşa fiziki travmaya yönəlmişdi. Ancaq kəlləmin daxilində olan daha dərin travma uzun müddət diqqətdən kənarda qaldı”, — deyə repçi yazıb.
Onun sözlərinə görə, alın payındakı zədə uzun illər düzgün müayinə olunmayıb və yalnız 2023-cü ildə aşkar edilib. Kanye West hesab edir ki, bu travma onun bipolyar pozuntusu ilə əlaqəlidir.
“Mən reallıqla əlaqəni itirmişdim. Problemi nə qədər uzun müddət görməzlikdən gəldimsə, vəziyyət bir o qədər pisləşdi. Dərin peşman olduğum sözlər dedim və hərəkətlər etdim. Ən çox sevdiyim insanlara qarşı belə pis davrandım”, — deyə o, incitdiyi şəxslərə və keçmiş həyat yoldaşı **Kim Kardashian**a müraciət edib.
Qeyd edək ki, son illərdə Kanye West nasist lideri Adolf Hitleri tərifləyən paylaşımlar, nasist simvollarının nümayişi və İsrailə qarşı sərt tənqidlər ilə gündəmə gəlib. Bu səbəbdən o, dəfələrlə ictimai qınaq və “cancel” dalğası ilə üzləşib.