Geri qayıt Çap et

Robbie Williams Britaniyada ən çox lider albomu olan ifaçı oldu

Britaniyalı musiqiçi Robbie Williams Böyük Britaniyanın milli hit-paradına liderlik edən albomların sayına görə yeni rekord müəyyənləşdirib və bu göstəricidə The Beatles qrupunu geridə qoyub. Bu barədə ölkənin rəsmi musiqi reytinqlərini tərtib edən The Official Charts Company məlumat yayıb.

Rekorda səbəb 23 yanvar tarixində buraxılan və dərhal çartın birinci pilləsinə yüksələn BRITPOP albomu olub. Beləliklə, bu iş Uilyamsın reytinqin zirvəsinə qalxan artıq 16-cı albomu olub. The Official Charts Company qeyd edib ki, musiqiçinin solo karyerası ərzində cəmi bir albomu — “Reality Killed The Video Star” (2009) — lider ola bilməyib və ikinci yerdə qərarlaşıb.

Musiqiçi özü bildirib ki, məhz belə bir albom yazmağı uzun müddət arzulayıb və BRITPOP-un uğurunun onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu nəticəyə nail olmasında bütün karyerası boyunca onu dəstəkləyən pərəstişkarlarının rolunu xüsusi qeyd edib.

Robbi Uilyams 1974-cü ildə Stok-on-Trent şəhərində anadan olub. Geniş tanınmanı yeniyetmə yaşlarında Take That qrupunun üzvü kimi qazanıb, 1990-cı illərin ortalarından isə solo karyeraya başlayıb. Qiymətləndirmələrə görə, onun albomlarının dünya üzrə ümumi satışı 75–80 milyon nüsxə təşkil edir ki, bu da onu Böyük Britaniyanın ən uğurlu kommersiya musiqiçilərindən birinə çevirir.

DenMedia.az