Son dövrlərdə sürətlə çəki itirməsi ilə diqqət çəkən aktrisa Gupse Özayın ülserativ kolit xəstəliyi ilə mübarizə apardığı məlum olub. Xroniki bağırsaq xəstəliyi olan ülserativ kolit gündəlik həyatı ciddi şəkildə çətinləşdirə bilər.
Gastroenteroloq, professor Vedat Göral xəstəliyin əlamətləri və müalicə prosesi ilə bağlı mühüm açıqlamalar verib.
Onun sözlərinə görə, ülserativ kolit yoğun bağırsağı zədələyən iltihabi və xroniki bir xəstəlikdir. Xəstəliyin yaranmasında genetik meyillilik, bağırsaq mikroflorasında dəyişikliklər, ani stresslər və ətraf mühit faktorları mühüm rol oynayır.
Xəstəlik gündəlik həyata ciddi təsir göstərir. Qarın ağrısı, ishal, qanlı nəcis ifrazı, gün ərzində 15–20 dəfə tualetə getmə, qızdırma, çəki itkisi və ciddi zəifləmə müşahidə oluna bilər.
Professor Göral bildirib ki, ülserativ kolitin diaqnozu asandır və hazırda çox təsirli dərman preparatları mövcuddur. Son 20 ildə müalicə sahəsində böyük irəliləyişlər əldə edilib və müalicə olunan xəstələrdə müsbət nəticələr müşahidə olunur.
Xəstəliyin üç fərqli yayılma forması var: bağırsağın tamamilə, qismən və ya yalnız başlanğıc hissəsinin tutulması. Lakin dərman müalicəsi yüksək effektiv olduğu üçün əməliyyat artıq son çarə hesab olunur və demək olar ki, ehtiyac qalmayıb.
Mütəxəssis vurğulayıb ki, stress xəstəliyi alovlandıran əsas amillərdən biridir. Ani psixoloji gərginlik və üzüntü xəstəliyin üzə çıxmasına səbəb ola bilər.
Bundan əlavə, xəstəliyin aktiv mərhələsində süd məhsullarının qəbulu tövsiyə edilmir, acılı və ədviyyatlı qidalardan, həmçinin nəzarətsiz ağrıkəsici istifadəsindən çəkinmək lazımdır.
Xəstəlik müalicə olunmadıqda uzunmüddətli risklər yarada bilər. Professorun sözlərinə görə, ülserativ kolit müalicə olunan xəstəlikdir və xəstələr qorxmamalıdır. Hazırda Avropa və ABŞ-da tətbiq olunan bütün müasir müalicə üsulları ölkədə də mövcuddur.