Aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colinin şəxsi yazışmalarına çıxış əldə edib. Bu barədə People nəşri məlumat yayıb.
62 yaşlı Pitt məhkəmədə Coliyə qarşı növbəti mərhələni qazanıb. Los-Anceles məhkəməsi aktrisanın şərab zavodu ilə bağlı iş çərçivəsində gizlətdiyi şəxsi mesajların bir hissəsini Pittə təqdim etməsinə qərar verib.
2025-ci ilin oktyabr ayının sonunda Pittin nümayəndələri məhkəməyə Colinin hüquq komandası ilə olan elektron yazışmalarını təqdim ediblər. Bu yazışmalardan məlum olur ki, Pitt Coliyə qarşı 35 milyon dollar məbləğində təzminat iddiası qaldırıb, həmçinin mümkün zərərin təsdiqi ilə bağlı sənədlərin hazırlanması xərclərini özü ödəməli olur. Bu barədə Colinin vəkili bildirib.
Məhkəmə sənədlərində Pitt qeyd edib ki, o, Coliyə şərab zavodundakı payı üçün 55 milyon dollar təklif edib, lakin aktrisa danışıqlardan imtina edərək payını Stoli şirkətinə satıb.
Ancelina Coli isə bildirib ki, imtinasının səbəbi Pittin məxfilik sazişi imzalamaq tələbi olub. Həmin saziş ona təkcə satış prosesini deyil, onların şəxsi münasibətlərini də müzakirə etməyi qadağan edirdi.
Bred Pitt və Ancelina Coli 2014-cü ildə evlənib, 2016-cı ildə ayrılıblar. Onların nikahından və övladlığa götürmədən altı övladları var: Maddoks, Paks, Noks, Zahara, Şaylo və Vivyen.