Geri qayıt Çap et

Bakı ATƏT rəhbərinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini alqışlayır

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi, türkiyəli diplomat Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayır.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə medianın sorğusuna cavabında bildirib.

XİN rəsmisi qeyd edib ki, BMT-nin yeni Baş katibinin seçilməsi prosesində namizədlərin peşəkarlığı, beynəlxalq və diplomatik təcrübəsi, qərəzsizliyi və üzv dövlətlər arasında konsensus yaratmaq bacarığı əsas meyarlar olmalıdır.

“Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq”, – deyə Ayxan Hacızadə bildirib.

O, üzv dövlətlər arasında davam edən məsləhətləşmələrin və konstruktiv dialoqun müsbət nəticə verəcəyinə ümidvar olduğunu ifadə edib.

“İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq”, – deyə XİN sözçüsü vurğulayıb.

Denmedia.az