Almaniyanın “Berliner Zeitung” qəzeti Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallası “Aİ tarixinin ən uğursuz kadr seçimi” adlandırıb.
Nəşrin şərh yazısında Kallasın Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan diplomatik danışıqlarda fəal iştirak etməməsi tənqid olunub.
Qəzet yazır ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayaraq münaqişənin başa çatdırılması yollarını müzakirə etdikləri halda, Kallas bu prosesdən kənarda qalıb.
Nəşr Norveçin Baş naziri Yonas Qar Störenin sözlərinə də istinad edib:
“Dörd il ərzində Avropa İttifaqından nə bir müraciət, nə də bir plan olub”.
Məqalə müəllifinin fikrincə, Kallas nə Moskvada, nə Vaşinqtonda, nə də Pekində ciddi danışıqlar aparan diplomatik fiqur kimi qəbul edilir.
Qəzet həmçinin qeyd edib ki, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilməsi gözlənilən üçtərəfli danışıqlarda Kallasın iştirak edəcəyi gözlənilmir.
Nəşr Avropa diplomatiyasının rəhbərinin mühüm beynəlxalq danışıqlardan kənarda qalmasını tənqid edərək onun Aİ-nin xarici siyasətindəki rolunu sual altına alıb.