Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Türkiyə parlamenti sədrinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəmini qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, gələcəkdə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlər də keçiriləcək. O, islam ölkələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Numan Kurtulmuş qəbula və konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlar üçün təşəkkür edərək öz xoş arzularının Türkiyə liderinə çatdırılmasını xahiş edib.
Görüşdə Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələr istiqamətində uğurla inkişaf etdiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı dünyada unikal nümunədir və iki ölkənin ortaq sərvətidir.
Söhbət zamanı iki ölkənin qanunverici orqanları arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsi perspektivləri də müzakirə olunub.

