Geri qayıt Çap et

Ceyhun Bayramov Böyük Britaniya səfirinin etimadnamə surətini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Normanın etimadnaməsinin surətini qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, həmçinin regional və beynəlxalq gündəlikdəki məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, energetika, ticarət, investisiya, təhsil və digər sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Bildirilib ki, yüksək səviyyəli təmasların və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Ceyhun Bayramov britaniyalı diplomata regiondakı vəziyyət, postmünaqişə dövrünün reallıqları və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Öz növbəsində Dankan Norman Azərbaycanda fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib və iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə vermək niyyətində olduğunu bildirib.

DenMedia.az