Geri qayıt Çap et

Rubio TRIPP layihəsini Bakı və İrəvan arasında sülhün “dayağı” adlandırdı

TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin “dayaq nöqtəsi” hesab olunur. Bunu ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs təkcə əsas dayaq xarakteri daşımır, həm də faktiki olaraq inqilabi mahiyyətə malikdir.

“Beləliklə, biz hazırda bu işdə çox fəal iştirak edirik. Biz sözün əsl mənasında müqavilə imzalamışıq və bu, Amerika şirkətlərinə özəl sektorun, Amerika maraqlarının, eləcə də Azərbaycan, Ermənistan və regionun digər ölkələrinin maraqları naminə investisiya yatırmağa imkan verəcək. Ümid edirik ki, bu, bizi stimullaşdıracaq”, deyə Rubio qeyd edib.

Dinləmələr zamanı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Cekson–Venik məhdudiyyətləri məsələsini qaldırıb. Onun sözlərinə görə, bu məhdudiyyətlər Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına hələ də mane olur.

Senator bildirib ki, bu məsələ Azərbaycanda da narahatlıq doğurur. O, məhdudiyyətlərin ləğvi təşəbbüsünün həmsədri olduğunu xatırladaraq, bu məsələnin Dövlət Departamenti üçün prioritet olub-olmadığını soruşub.

“Məhdudiyyətlərin ləğvi Mərkəzi Asiya ilə münasibətlərimizə ciddi təsir göstərə bilər”, deyə senator əlavə edib.

Rubio isə cavabında bu məhdudiyyətlərin zərərli olduğunu bildirib.

“Bəli, bu zərərlidir. Biz bunun aradan qaldırılmasını istərdik. Düşünürəm ki, siz bunu gündəliyə çıxarmaq üçün komitənin sədri və üzvləri ilə danışmalısınız”, deyə ABŞ dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Cekson–Venik düzəlişləri ABŞ-da 1974-cü ildə qəbul edilib və əsasən SSRİ kontekstində qeyri-bazar iqtisadiyyatına malik ölkələrə qarşı ticarət məhdudiyyətləri tətbiq edirdi. SSRİ dağıldıqdan sonra bu düzəlişlər formal olaraq bir sıra postsovet ölkələrinə münasibətdə qüvvədə qalıb.

Hazırda düzəliş Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla bir sıra ölkələrə münasibətdə qüvvədədir.

DenMedia.az