ABŞ prezidenti Donald Tramp NATO ilə münasibətlərdə problemlərin Qrenlandiya məsələsindən başladığını bildirib. O, bu fikirləri Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə açıqlayıb.
Trampın sözlərinə görə, ABŞ Qrenlandiyanı əldə etmək istəyib, lakin buna razılıq verilməyib:
“Hər şey Qrenlandiyadan başladı. Biz Qrenlandiyanı istəyirik, onlar isə bizə vermək istəmirlər və mən dedim: ‘Sağ olun!’”
ABŞ lideri həmçinin İranla bağlı müharibədə NATO ölkələrinin dəstək göstərməməsindən ciddi narazı olduğunu bildirib.
“Bu iz heç vaxt yaddaşımdan silinməyəcək. Onlar əvvəl deyirdilər ki, bunu edəcəyik, onu edəcəyik, amma əslində bizə kömək etməmək üçün əllərindən gələni etdilər”, — deyə Tramp vurğulayıb.
O, NATO-nu yenidən “kağız pələng” adlandırıb.
Tramp əlavə edib ki, məsələ təkcə NATO ilə bağlı deyil. Onun sözlərinə görə, Yaponiya, Cənubi Koreya və Avstraliya da ABŞ-a dəstək verməkdən imtina edib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün böyük hərbi kontingent saxlayır:
“Yaponiyada 50 min, Cənubi Koreyada isə 45 min əsgərimiz var. Onları qoruyuruq.”