Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
DenMedia.az XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.
C. Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.