Geri qayıt Çap et

Pezeşkian Xameneinin öldürülməsini dünya müsəlmanlarına qarşı müharibə adlandırdı

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ali dini lider Əli Xameneinin öldürülməsi İsrail və ABŞ tərəfindən “bütün dünya müsəlmanlarına qarşı açıq müharibə elanıdır”. Bu barədə IRNA agentliyi məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, Tehran bu hadisəni qan tökülməsi kimi qiymətləndirir və cinayəti törədənlərdən və onu əmr edənlərdən qisas almağı öz qanuni borcu və haqqı hesab edir. O qeyd edib ki, bu addım xüsusilə şiə dünyasına qarşı yönəlmiş açıq müharibədir.

Xameneinin həlakından sonra ölkədə 40 günlük matəm elan olunub.

Bundan əvvəl KİV-lərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) aylarla Xameneini izlədiyi və fevralın 28-i səhər saatlarında onun iqamətgahında yüksək vəzifəli şəxslərin iştirakı ilə görüş keçiriləcəyini müəyyən etdiyi barədə məlumat yayılmışdı. Mənbələrin iddiasına görə, ilkin plan zərbəni gecə endirmək olsa da, daha çox yüksək rütbəli şəxsin bir araya gəlməsini gözləmək üçün hücum səhərə keçirilib. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Eyni zamanda, İsrailin BadeSaba Calendar adlı namaz vaxtlarını izləmə tətbiqinə müdaxilə edərək İran hərbçilərini üsyana çağıran bildirişlər yaydığı iddia olunub. Bildirişlərdə fars dilində “kömək gəldi” və rejimə qarşı çıxış çağırışları yer alıb. Bu məlumat da müstəqil şəkildə təsdiqlənməyib.

DenMedia.az