Geri qayıt Çap et

XİN: Fələstin–İsrail münaqişəsinin yeganə yolu diplomatiyadır

Azərbaycanın Fələstin–İsrail münaqişəsi ilə bağlı mövqeyi hər kəsə məlumdur — Bakı problemin sülh və diplomatik yollarla həllini dəstəkləyir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saar ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Məlumatı Report yayıb, DenMedia.az xəbər verir.

Nazirin sözlərinə görə, bu gün keçirilən danışıqlar zamanı ənənəvi olaraq regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Qəzza sektoru ətrafında baş verənlər müzakirə olunub.

“Bugünkü danışıqlar çərçivəsində biz regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərqdə, Qəzza sektorunda mövcud vəziyyəti də müzakirə etdik”, — deyə nazir bildirib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan Qəzzada əldə olunmuş atəşkəsi alqışlayır və bu razılaşmaların davamlı olmasının tərəfdarıdır.

“Fələstin–İsrail münaqişəsi kontekstində Qəzzadakı vəziyyətlə bağlı Azərbaycanın mövqeyi hər kəsə bəllidir. Biz problemin danışıqlar yolu ilə, sülh şəraitində həllini dəstəkləyirik”, — deyə nazir qeyd edib.

DenMedia.az