NATOnun baş katibinin müavini Radmila Şekerinskaya alyansın Azərbaycanla siyasi dialoqu və təhlükəsizlik-müdafiə sahəsində praktiki əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib. O, həmçinin Fərdi Tərəfdaşlıq Proqramı (ITPP) üzrə işlərin başa çatdırılmasının planlaşdırıldığını bildirib.
Şekerinskayanın sözlərinə görə, ITPP çoxillik əməkdaşlıq formatıdır və bu proqram çərçivəsində Azərbaycan geniş tərəfdaşlıq təşəbbüslərinə çıxış əldə edir. Bu təşəbbüslərə müdafiə təhsilinin modernləşdirilməsi, minatəmizləmə, təhlükəsizliyin gücləndirilməsi, informasiya təhdidlərinə qarşı mübarizə, eləcə də kibermüdafiə potensialının inkişafı daxildir.