Geri qayıt Çap et

Bakıda həkim müalicə etdiyi vətəndaşını ömürlük şikəst edib? - Bakı Bərpa Mərkəzində qalmaqal-FOTO

Bakı şəhərində fəaliyyət göstərən Bakı Bərpa Mərkəzi ilə bağlı narazılıq iddiası gündəmə gəlib.

Pasiyent Bağırov Azər Denmedia.az-ın qaynar xəttinə şikayət edərək bildirib ki, mərkəzdə aparılan müalicə prosesi onun səhhətində yaxşılaşma yaratmaq əvəzinə vəziyyətini daha da ağırlaşdırıb.

Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həkim Kamil Eyvazovun qəbulunda olub. Həmin zaman ona bel nahiyəsində MRT müayinəsi təyin edilib və nəticədə 3 mm ölçüdə yırtıq aşkar olunub. Bundan sonra həkim tərəfindən müalicə və fizioterapiya prosedurları təyin edilib.

Pasiyent bildirir ki, elə həmin klinikanın özündə 14 gün ərzində fizioterapiya prosedurlarına qatılıb. Lakin onun iddiasına görə, müalicə gözlənilən nəticəni verməyib və əksinə, ağrılar daha da güclənib. Hətta təzyiq problemi yarandığını qeyd edən pasiyent bu barədə həkimin köməkçisinə məlumat verdiyini, lakin bunun müalicə ilə əlaqəli ola bilməyəcəyinin deyildiyini bildirir.

Azər Bağırovun sözlərinə görə, müalicə prosesində ona dəfələrlə əməliyyat olunmasının vacibliyi bildirilib. Dekabr ayında yenidən həkim qəbulunda olduqda isə yenidən müalicə təyin olunsa da, vəziyyətində yaxşılaşma olmayıb. Pasiyent iddia edir ki, sonradan ayağından 60 ml maye çəkilib və bunun təhlükəli olmadığını bildirilsə də, bundan sonra ağrılar daha da artıb. Daha sonra həkim tərəfindən diz nahiyəsinin MRT müayinəsi istənilib. MRT nəticələrinə baxdıqdan sonra isə diz oynağının ciddi zədələndiyi bildirilib və ona başqa tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunub.

Pasiyent daha sonra digər həkimlərə müraciət etdiyini və aldığı müalicələr barədə məlumat verdiyini bildirir. Onun sözlərinə görə, həmin həkimlər dizində problem olduğu halda fizioterapiya prosedurlarının tətbiq edilməsinin düzgün olmadığını bildiriblər. Şikayətçinin sözlərinə görə, tətbiq olunan müalicə üsulları onun səhhətinə zərər vurub və nəticədə maddi itkiyə məruz qalıb. Ümumilikdə 450 manat məbləğində vətəndaşa ziyan dəyib və bu ziyanın qarşılanmasını tələb edib.


Məsələ ilə bağlı qarşı tərəfin , Bakı Bərpa Mərkəzinin və həkim Kamil Eyvazovun mövqeyini öynənməyə çalışsaqda bu mümükün olmayıb. Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ellada Rəsul

Denmedia.az