Oktyabrın 30-da Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələrində, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Səbail rayonunda saat 10:00-dan 14:00-dək Bayıl qəsəbəsinin Gülbalı Əliyev küçəsində elektrik təchizatında fasilə yaranacaq.
Abşeron rayonunda isə saat 10:00-dan 16:00-dək 110/35/10 kV-luq 137 nömrəli yarımstansiyada təmir işləri aparılacaq. Bununla əlaqədar 35/6 kV-luq “Pirəkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyaları, eləcə də “Pirəkəşkül” yarımstansiyasından çıxan bəzi 6 kV-luq hava elektrik xətləri müvəqqəti açılacaq.
Nəticədə Çaylı, Cəngi və Təzəkənd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
“Azərişıq”dan bildirilib ki, təmir işləri elektrik təchizatının keyfiyyətini və etibarlılığını artırmaq, həmçinin artan enerji tələbatını qarşılamaq məqsədi daşıyır.
İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.